28 may tarixini xalqımız ikiqat bayram etdi. Müstəqillik tarixinin 105-ci ilini arxada qoyan xalqımız qardaş və müttəfiq ölkə Türkiyədə keçirilən president
seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsini böyük coşğu ilə qeyd edib.
Bu qələbə münasibət ilə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən məhz dövlət başçısı İlham Əliyev oldu. Artıq hər kəs üçün böyük Öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, “Bir millət, iki dövlətik” tezisləri dillər əzbərinə çevrilib. Danılmaz faktdırki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ölkələr yoxdur.
Azərbaycan-Türkiyə əsl qardaşlıq nümunəsidir. Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qələbəsi ölkəmizin hər yerində olduğu kimi Quba sakinlərinin də ürəyincə olub.
Bu xoş xəbəri eşidən Quba sakinləri ötən gün axşam saatlarında şəhərdəki Azərbaycan-Türkiyə qardaşlıq parkına axın ediblər.
Parka toplaşanlar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə qələbəni qeyd etdilər. İnsanlar Azərbaycan-Türkiyə dostluğunu tərənnüm edən mahnılar səsləndirir, fotolar çəkdirir və canlı yayıma çıxırdılar.
Rəcəb Tayyib Ərdoğan zəfəri ilə iki qardaş ölkənin münasibətlərinin daha da möhkəmlənməsini təmin etdi.
Əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə birliyi əbədidir, sarsılmazdır və bundan sonra da dünyaya nümunə olacaq.