QUBALI İDMANÇI BİLYARD TURNİRİNİN QALİBİ OLDU

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Bilyard Federasiyası və Quba Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Quba şəhərində BILYARD IDMAN NÖVÜ ÜZRƏ “QUBA OPEN” adlı Turnir keçirilib. Turnir bilyardın “Sərbəst Piramida” növü üzrə şəxsi yarış üsulunda keçirilib. Azərbaycan Bilyard Federasiyasının nəzdində fəaliyyət göstərən ölkəmizdəki bu növ üzrə qeydiyyatdan keçmiş bütün filial, cəmiyyət və klubların ən yaxşı oyunçuları bir araya gələrək, çempion adı uğrunda mübarizə aparıblar. Əvvəlcə canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər yarış iştirakçılarını salamlamış və onlara yarışda uğurlar arzulamışlar. Sonra Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov bilyard şarına rəmzi toxunuş etdikdən sonra yarış başlayıb. 30- a yaxın idmançının iştirak etdiyi yarışı Respublika dərəcəli hakimlər idarə edib. Oyunun qaydaları Beynəlxalq Bilyard Federasiyasının mövcud qaydalarına əsasən müəyyənləşmişdi. İlk üç yeri tutan oyunçular Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medallarla, həmçinin hədiyyələrlə təltif olundular. Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd bilyardın geniş auditoriya arasında məhşurlaşdırılmasıdır.