QUBADA YAPON İNVESTORLARLA İŞGÜZAR GÖRÜŞ KEÇİRİLDİ

Bu gün Quba şəhərində Azərbaycan Françayzinq Assosiasiyası və QİAD platformasının təşkilatçılığı ilə”Miss Sake Azərbaycan 2026” layihəsi çərçivəsində seçim mərhələsi və Yaponiya investorlarının Qubalı iş adamları ilə işgüzar görüşü baş tutub. Tədbirin əsas məqsədi Azərbaycan ilə Yaponiya arasında mədəni, iqtisadi və turizm sahələrində əlaqələrin daha da gücləndirilməsi, region potensialının beynəlxalq tərəfdaşlara təqdim olunması və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi olub. “Miss Sake Azərbaycan 2026” seçim mərhələsində iştirakçılar Azərbaycan mədəniyyətinin təqdimatı, ünsiyyət bacarıqları, beynəlxalq tədbirlərdə ölkəni təmsil etmə qabiliyyəti və ictimai fəallıqları üzrə dəyərləndirildilər. Layihə çərçivəsində seçilən nümayəndə gələcəkdə Azərbaycan ilə Yaponiya arasında mədəni körpü rolunu oynayacaq. Tədbir çərçivəsində təşkil olunan işgüzar görüşdə Yaponiya nümayəndə heyəti Qubanın turizm, kənd təsərrüfatı, hotelçilik, qida sənayesi və regional investisiya imkanları ilə yaxından tanış olub. Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq, birgə layihələr və investisiya perspektivləri müzakirə edilib. Qubalı sahibkarlar bölgənin iqtisadi potensialı, yerli məhsullar, kənd təsərrüfatı istehsalı və turizm imkanları barədə təqdimatlarla çıxış etdilər. Yapon investorlar isə Azərbaycanın regionlarında biznes mühitinin inkişafını yüksək qiymətləndirdiklərini bildirdilər.Tədbirin sonunda iştirakçılar qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, gələcək forumlar, mədəni proqramlar və biznes platformalarının təşkili istiqamətində fikir mübadiləsi apardılar. Qeyd edək ki,"Miss Sake Azərbaycan 2026” layihəsi Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən beynəlxalq platformalardan biri kimi qiymətləndirilir.