QUBADA RESPUBLİKA FƏNN OLİMPİADALARININ BİRİNCİ MƏRHƏLƏSİ KEÇİRİLİB.

Yanvarın 12-də Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsi keçirilib. Respublika fənn olimpiadaları ölkənin bütün şəhər və rayonlarında ümumilikdə 83 mərkəzdə təşkil edilib.

Bilik yarışının ilkin mərhələsində iştirak üçün təxminən respublika üzrə 35 min şagird müraciət edib.Quba rayon Alekseyevka Kənd Tam Orta Məktəbində yaradılmış imtahan mərkəzində 900-dən yuxarı şagird fənn olimpiyada  yarışlarının 2-ci mərhələsinə keçmək üçün öz bilik və bacarıqlarını sınayıblar. Bilik yarışında IX, X, XI, həmçinin xüsusi istedad və hazırlığa malik VIII sinif şagirdləri iştirak edib. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla ümumillikdə 8 fənn üzrə keçirilib. Təhsil nazirliyi tərəfindən tərtib edilmiş test kitabçaları bütün imtahan iştirakçılarına paylanıb. İmtahana nəzarət yerli müəllimlər və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən aparılıb. İmtahan üçün 3 saat vaxt təyin edilib. Şagirdlər ayrı-ayrı fənlər üzrə verilən vaxt ərzində imtahan suallarını cavablandırıblar.Onu da nəzərinizə çatdıraq ki ,olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.