QUBADA QARABAĞ QAZİSİNİN EVİNƏ QAZ ÇƏKİLİB

Quba rayonunda şəhid və qazi ailələrinin mütəmadi olaraq mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də bu günlərdə Küpçal kəndində həyata keçirilib. Qeyd edək ki, I Qarabağ müharibəsi qazisi, II qrup əlil Zaur Gülməmmədov torpaqlarımızın düşməndən müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, Xocavənd, Füzuli və Zəngilanın müdafiəsi uğrunda qəhramancasına vuruşub. Qubanın Küpçal kəndində yaşayan qazi illərdir ki, evində mavi yanacaq olmamasından əziyyət çəkirdi. Elə bu səbəbdən də qazi ailəsi Xaçmaz Regional qaz istismarı idarəsinin Quba səhəsinə müraciət edərək yaşadıqları fərdi yaşayış evində təbii qazın olmadığını bildiriblər. İdarədən qazinin ailəsinin yaşadığı fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı tapşırıq verilib. Qısa müddət ərzində həmin ünvanda işlərə başlanılıb, qazinin yaşadığı evə təbii qaz çəkilib və sayğac quraşdırılıb. Qeyd edək ki, fərdi yaşayış evinə çəkilən qaz xəttinin diametri 20 mm, uzunluğu isə 29 metrdir. I Qarabağ müharibəsi qazisi Zaur Gülməmmədova rayon rəhbərliyi tərəfindən göstərilən bu qayğı onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.