QUBADA QANUNSUZ TİKİLİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİR

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət

şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparılır.   

Keçirilmiş monitorinqlərin nəticəsində Qəçrəş kəndi, Digah kəndi və Quba şəhərində ayı-ayrı şəxslər tərəfindən torpaq sahələrinin zəbt olunaraq qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. 
          Belə ki, Qəçrəş kəndində ictimai-iaşə obyektində, Qəçrəş kəndində meşə fondu torpaqlarında, həmçinin rayonun Digah kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş qanunsuz tikililər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Quba Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sökülmüşdür.

Qeyri-qanuni inşa edilmiş müxtəlif təyinatlı obyektlərin sahiblərinə qanunvericiliyin tələblərinə tikinti işinin dayandırılması, müvafiq sənədləşmə işlərinin yerinə yetirilməsi barədə tövsiyələr verilib.

Vətəndaşlar tərəfindən təyinatına uyğun olmayan torpaq sahələrində və zəbt edilmiş ərazilərdə tikinti işlərinə  cəhdlər torpaq haqqında qanunun kobud şəkildə pozulması hesab edilir və torpaqların özbaşına tutulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində cinayət məsuliyyəti yaradır.

Rayon ərazisində qanunsuz tikinti işləri ilə bağlı nəzarət prosesi Quba Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq davam etdirilir.

Rayon ərazisində tikinti işlərinin aparılması üçün müvafiq icazə və məlumatlandırma icraatlarını yerinə yetirmək üçün Quba Rayon İcra Hakimiyyətinə elektron və yazılı ərizə formasında müraciət edə bilərsiniz. Rayon İcra Hakimiyyəti tərəfindən müraciətlər şəffaf və qanunvericiliyin tələblərinə uyğun icra edilirək və vətəndaşlara cavab verilir.