QUBADA OXU BAYRAMINDA YENİ KİTABLAR SƏRGİLƏNDİ

Qubada artıq bir gələnək halını alan oxu bayramı keçirildi. Ötən illərdə olduğu kimi bu il də Quba-Xaçmaz regional Mədəniyyət İdarəsinin və Quba Mərkəzləşdirilmiş Kitabxana

Sisteminin təşkilatçılığı ilə açıq havada təşkil olunan bayram törəni Ulu Öndər Heydər Əliyevə həsr edildi. Bayram törəni B. Səfəroğlu adına Mədəniyyət Mərkəzinin qarşısında düzənlənmiş sərgiyə baxışla başladı. Sərgiyə baxan kitabsevərlər arasında Quba rayon rəsmiləri, kitabxananın oxucuları, mədəniyyət, təhsil işçiləri, gənclər, ziyalılar, məktəb şagirdləri, tələbələr, qubalı şair və yazıçılar, rayon ictimaiyyətinin nümayəndələri və başqa qonaqlar var idi. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablardan ibarət, həmçinin torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə həsr olunan guşəyə baxdılar. Hər çağ kitabxanalara oxucu sayının artırılmasına, oxunun təbliğinə önəm verən Quba MKS-nin 2024-ci ilin “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu da diqqətdə saxladığı burda sərgilənən rəsmlərdən və əl işlərdindən də bəlli olurdu. Tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra oxu bayramına toplanan kitabsevərləri salamlayan Quba MKS-nin direktoru Saməddin Nəsirov kitabın insan yaşamındakı rolunu vurğuladı. Çıxışçılar gənclərin və uşaq yaşlı oxucuların mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində oxunun önəmli rol oynadığını vurğuladılar. Oxu bayramı törəni çıxışlardan sonra bədii hissə ilə davam edib.