QUBADA MİLLİ MƏTBUAT GÜNÜ QEYD OLUNDU
Baxış sayı: 313
22 İyul - Milli Mətbuat Günü Quba şəhərinin Yusif Qasımov küçəsində yerləşən “Media şəhidləri” parkında qeyd olunub. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının, həmçinin düşmən təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalan media nümayəndələrinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Taryel İbrahimov çıxış edərək bildirib ki, 148 il əvvəl əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı ötən hər ildə yeni-yeni keyfiyyət göstəriciləri qazanıb. Prezident İlham Əliyevin qayğısı sayəsində milli mətbuatımız sürətlə inkişaf edir. Dövrün nəbzini tutmağı bacaran, əsl həqiqətləri dünya ictimaiyyətinə dolğun şəkildə çatdıran jurnalist kadrlar yetişib. Görüşdə regionda fəaliyyət göstərən jurnalistlər çıxış edərək ölkəmizdə media nümayəndələri üçün yaradılan şəraitdən söz açıblar. Qeyd olunub ki, Azərbaycanın media əməkdaşları şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsində döyüş bölgəsində şərəflə öz vəzifələrini yerinə yetiriblər. Bu parkda erməni terrorunun qurbanı olan bütün media nümayəndələrinin, o cümlədən 2021 - ci il iyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışovun və Azərtac-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib. Milli mətbuatımızın inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xatırladan natiqlər onun müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət göstərdiyini vurğuladılar. Tədbirin sonunda xatirə şəkili çəkdirildi.