QUBADA KARANTİNİ POZANLAR...

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Qubada tədbirlər davam etdirilir.

Rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması üçün patrul xidməti yerinə yetirilir. Xüsusi rejim ilə əlaqədar qurulan postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir və səbəbsiz yerə yaşayış məkanlarını tərk edənlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər. Ancaq təəssüf hissi ilə vurğulamalıq ki,koronavirus pandemiyasının yayılmasının qarşısınının alınması istiqamətində qarşıda duran vəzifələrin icrasına hələ də biganə yanaşan xidmət sahələri var. Quba şəhəri ərazisində 1 saylı şəhərdaxili marşrut xəttində hərəkət edən avtobuslarda gündəlik dezinfeksiya işlərinin aparılmaması ,həmçinin hər gün yüzlərlə vətəndaşa xidmət göstərən sürücülərin sanitar-gigiyenik,təhlükəsizlik qaydalarına əməl etməməsi, qoruyucu maskasız avtobus idarə etmələri,əlcəksiz əllə nəğd pul əməliyyatı aparmaları vətəndaşların haqlı narazılığına səbəb olur.Bu işə məsul olan və daha çox qaz vurub qazan dollurmaya həvəsli olan Quba avtovağzalı rəhbərliyinin isə özlərinə məxsus bəhanələri var. Qubada fəaliyyət göstərən "Qafqazoil" yanacaqdoldurma məntəqəsi də karantin rejimi qaydalarına əməl etməyən xidmət sahələrindəndir.