QUBADA KƏNDLƏR SELDƏN VƏ DAŞQINLARDAN QORUNUR
Baxış sayı: 489
Qubada əkin sahələrinin, infrastruktur obyektlərinin, eləcə də yaşayış məntəqlərinin sel və daşqınlardan qorumaq üçün qabaqlayıcı tədbirlər görülür. Beləki rayonun Qudyalçay və Qusarçay çaylarında daha çox təhlükə gözlənilən ərazilərində beton bəndlər qurulur. Hazırda Qusarçayın sağ sahilində Çartəpə və Aşağı Xuc kəndlərini həmçinin, Aşağı Xuc kanalını mühafizə edəcək daş beton bəndin tikintisi işləri başa çatmaq üzrədir.
Daş beton bəndlərin qurulması ilə yanaşı rayon ərazisindən keçən çaylarda 609.6 min m3 həcmində məcra təmizləmə və sahilbərkitmə işləri həyata keçirilib və hazırda davam etdirilməkdədir. Sakinlərin sözlərinə əsasən görülən işlər nəticəsində payız aylarında yağıntılar çoxaldıqca çayın öz məcrasından çıxaraq sahilyanı əraziləri yumasının qarşısı alınacaq.
Quba Suvarma Suları İdarəsinin baş mühəndisi Samir Məmmədhüseynovun sözlərinə əsasən Qubada 26033 hektar suvarılan torpaq sahəsi var. Bu torpaq sahələrinin suvarılmasında əsasən dağ çaylarından və 58 subartezian quyusundan qaldırılan sudan istifadə edilir. Su istifadəçilərini dayanıqlı və fasiləsiz su ilə təmin etmək məqsədilə il ərzində su kanalları lildən təmizlənir. Bundan başqa sudan səmərəli istifadəni təmin etmək və su itkilərinin qarşısının alınması məqsədi ilə torpaq məcralı kanalların beton üzlüyə alınması tədbirləri davam etdirilir.
Xatirladaq ki, Qusarçayın sağ sahilində nəzərdə tutulan 1358 m3 həcmində olan daş beton bəndin qurulması işləri yekunlaşmaq üzrədir. Həmçinin Qusarçaydan su götürən və 550 hektar sahənin suvarılmasına xidmət göstərən Aşağı Xuc kanalında ötən illərdə görülən işin davamı olaraq bu il daha 1.4 km hissəsinin podratçı təşkilat tərəfindən beton üzlüyə alınması işləri operativ şəkildə davam etdirilir və yaxın vaxtlarda işin yekunlaşdırılması nəzərdə tutulur.