QUBADA İNTELLEKTUAL SAVAŞ KEÇİRİLDİ
Baxış sayı: 278
Məşhur bir deyimdə olduğu ki, “bu kino ki var, çox qəliz məsələdir. Həm qəliz məsələdir, həmdə ki, vacib.” Kinonun, özəlliklə də Azərbaycan kinosunun gərəkliliyini anlayan yeniyetmə və gənclər onun nə qədər qəliz olduğundan da Azərbaycan kinosunun 125 illiyinə həsr olunan yarışda əmin oldular. “Nə? Harada? Nə zaman? intellektual oyun formatında “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “25-ci kadr-KinoMƏNlərin intellekt savaşı”nın final mərhələsinin oyunları Qubadakı Asan Xidmət Mərkəzində yeniyetmə və gənclərin iştirakı ilə keçirilib. İntellektual savaşa seçim turlarının qalibi olan 8 komanda - Quba rayonunun Talabıqışlaq, Digah, Küpçalqışlaq kəndlərinin, Bağbanlı qəsəbəsinin, Siyəzən şəhər 2 nömrəli, Xaçmaz şəhər 1 nömrəli tam orta məktəblərinin, Şabran rayonunun Ağbaş, Qusar rayonunun Bədirqala kəndlərinin yeniyetmə və gəncləri qatılıb. Final yarış dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin açılışında çıxış edən İctimai Birliyin rəhbəri Ramin Mahmudov Azərbaycanın kino tarixi ilə bağlı bilgi verərək, Azərbaycan kinosunun yeniyetmə və gənclər arasında təbliğinin gərəkliliyini vurğuladı
Yalnız kino və kino tarixi ilə bağlı 70 sorudan ibarət iki dövrəli sistem üzrə keçirilən turnir komandalara gərgin anlar yaşadıb.
Gərgin keçən savaşda Quba rayonunun Talabıqışlaq kəndini təmsil edən “Xüsusi təyinatlı qüvvə” komandası birincilik qazanıb. Siyəzən rayonunun “Müşfiq” komandası ikinci, Qusar rayonunun “Bədirqala” komandası isə üçüncü yeri tutub. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və “Azərbaycan kinosu tarixi” adlı 4 cildlik kitablarla təltif olunublar.