QUBADA DÖVLƏT SUVERENLİYİ GÜNÜ QEYD EDİLDİ

Azərbaycan tarixinin mühüm səhifələrindən birini əks etdirən 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.Tədbir iştirakçıları əvvəlcə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra tədbir iştirakçıları Quba rayon Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin ehtiramla anılıb.Ümumrayon tədbiri B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları əvvəlcə burada təşkil olunan sərgi ilə tanış olublar. Sərgidə Azərbaycanın dövlətçilik tarixi, milli-mənəvi dəyərləri, Vətən müharibəsi və ölkəmizin suverenliyinin bərpası ilə bağlı müxtəlif materiallar nümayiş etdirilib. Daha sonra tədbir rəsmi hissə ilə başlayıb. Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib. Quba rayonunda fəaliyyət göstərən yaradıcı kollektivlər və ansambllar vətənpərvərlik ruhunda musiqi nömrələri ilə çıxış ediblər. Səsləndirilən mahnılar, təqdim olunan kompozisiyalar və bədii nümunələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.Tədbirin sonunda xüsusi olaraq hazırlanmış kompozisiya nümayiş etdirilib. Əsgərlərin müşayiəti ilə “Odlar yurdu” mahnısının sədaları altında Azərbaycan Respublikasının üçrəngli dövlət bayraqları səhnəyə gətirilib. Dövlət bayraqlarının səhnədə dalğalanması tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.