QUBADA BİLİK YARIŞI KEÇİRİLİB

Qubanın Hacıqayıb kənd tam orta məktəbində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” adlı bilik yarışı keçirilib. Yarışın keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərliyin təbliği olub.Tədbirdə iştirak edən Hacıqayıb kənd tam orta məktəbinin direktoru Şəmsəddin Feyzullayev, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçısı Seydbala Əliyev tədbirin yeniyetmə və gənclər üçün önəmindən danışıb.Bilik yarışında Quba rayonunun Hacıqayıb, Hacıhüseynli, Davidoba, Əliməmmədoba, Qımılqışlaq kəndlərində və Gənclər qəsəbəsində yaşayan və təhsil alan məktəblilərdən və gənc müəllimlərdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda Hacıhüseynli kəndini təmsil edən “Turan” komandası birinci, Qımılqışlaq kəndinin eyniadlı komandası ikinci, Əliməmmədoba kəndinin “Bayraqdar” biliciləri isə üçüncü yeri tutub.Yarışın sonunda qalib və mükafatçılar diplom, kubok və medallarla təltif edilib. Tədbirdə iştirak edən hər bir şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan 185 nəfər Vətən müharbəsi şəhidi haqqında hazırlanan “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar hədiyyə edilib.