QUBADA BİLGİLƏNDİRİCİ TƏLİM–SEMINAR KEÇİRİLDİ

Qubadakı Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə autizm spektr pozuntularına dair “Autizm xəstəlik deyil, fərqlilikdir” mövzusunda bilgiləndirici təlim-seminar keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seminarın moderatoru, psixoloq Rəna İskəndərova çıxış edərək bildirib ki, tədbirin əsas məqsədi autizm spektr pozuntusu olan uşaqların erkən diaqnostikası və müalicəsinə dəstək vermək, bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarını artırmaq, valideynləri maarifləndirmək, eyni zamanda cəmiyyətdə autizmə qarşı mövcud olan stereotiplərin və yanlış yanaşmaların aradan qaldırılmasına töhfə verməkdir. Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın psixoloqu Cahid Mustafayev autizmli uşaqların hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırova isə autizmin erkən yaşda müəyyən edilməsinin uşağın gələcək inkişafında həlledici rol oynadığını qeyd edib. Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova çıxışında bildirib ki, autizm spektr pozuntusu olan uşaqlar daha həssas və duyğusal dünyaya malikdirlər və cəmiyyətin bu uşaqlara, eləcə də onların valideynlərinə yanaşması daha anlayışlı və mərhəmətli olmalıdır. Seminarın ən təsirli və yadda qalan hissələrindən biri isə autizmli uşağın valideyninin çıxışı olub. Valideyn böyük ehtiyatla, kövrək və səmimi danışaraq bildirib ki, autizmli övlad böyütmək yalnız tibbi deyil, eyni zamanda ciddi psixoloji və sosial məsuliyyətdir. O, öz şəxsi təcrübəsindən nümunələr gətirərək deyib ki, bir çox valideynlər ilkin əlamətləri vaxtında ciddiyə almır, “keçər” düşüncəsi ilə mütəxəssisə müraciəti gecikdirirlər. Çıxış zamanı səslənən bu fikirlər zalda iştirak edən valideynlərə həm emosional, həm də düşündürücü təsir bağışlayıb. Seminarda ADPU-nun Quba filialının Humanitar və Təbiət Elmləri Fakültəsinin dekanı, universitet tələbələri, pedaqoqlar və valideynlər də mövzu ətrafında fikirlərini bölüşüblər. Çıxışlarda autizmli uşaqların cəmiyyətə inteqrasiyası, inklüziv təhsilin əhəmiyyəti və valideyn–mütəxəssis əməkdaşlığının vacibliyi ön plana çəkilib. Tədbirin sonunda psixoloq Mənsur Xaspoladov çıxış edərək autizm spektr pozuntularının elmi əsasları və müasir yanaşmalar barədə bilgi verib. Seminar çərçivəsində mövzuya dair videoçarx göstərilib. Onu da vurğulayaq ki, bilgiləndirici təlim-seminarda pedaqoqlar, psixoloqlar, valideynlər və gənclər iştirak ediblər. Tədbir bir daha göstərib ki, autizm xəstəlik deyil, düzgün yanaşma və anlayış tələb edən bir fərqlilikdir.