QUBADA 66 KƏNDİ BİRLƏŞDİRƏN YOLA ASFALT DÖŞƏNİR

Qubada 66 kəndi birləşdirən yola asfalt döşənir. Hazırda Quba-Qonaqkənd avtomobil yolunda son tamamlama işləri aparılır. Ölkə başçısının sərəncamına əsasən həyata keçirilən 68 min sakinin yaşadığı 66

yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi iyun ayının sonunadək başa çatdırılacaq. Uzunluğu 46 kilometr olan yolun artıq 41 kilometrinə asfalt döşənib.Hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 5 kilometr hissədə davam etdirilir.

Quba-Qonaqkənd yolunda ən böyük problem 43-cü km-likdə yaşanırdı. Buna səbəb yolun bu hissəsinin Babaçayın məcrasından keçməsi idi. Çayda bir qədər su çox olan kimi yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi kəsilir. Lakin tezliklə bu problem də öz həllini tapacaq. Çünki ərazidə müasir standartlara cavab verən 7 aşırımlı körpü inşa olunub.

Quba-Qonaqkənd istiqamətində yolboyu zəruri yerlərdə kommnikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə yeni su boruları inşa olunur. Yol kənarında 2,5 - 3 metr enində yeni çiyinlər tikilib. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7 metrdir. Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib.

Turistlərin çox sevdiyi Təngəaltı, Afurcadan keçən bu yol gələcəkdə Qonaqkənd kimi nadir təbii sərvətlərə malik bir ərazidə turizmin inkişafına da təkan verəcək.