QUBADA “İDMAN PAYTAXTI 2024” LAYİHƏSİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

Yanvarın 15-də Qubada “İdman paytaxtı 2024” layihəsinin açılış mərasimi keçirilib. Açılşıdan öncə Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə tər güllər düzülərək xatirəsi anılıb. Mərasimdə Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “İdman Paytaxtı 2024”ün “Fuji” adlı maskotu ictimaiyyətə təqdim olunub.Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Çıxışların ardınca nazir Fərid Qayıbov “İdman Paytaxtı”nın rəmzi açarını Quba rayonunun icra başçısı İlqar Mahmudova təqdim edib. Sonra sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar.Basketbol, badminton, stolüstü tennis, alpaqut, sambo, taekvondo, cüdo, güləş, kikboksinq, boks, voleybol, futbol, şahmat, nərd, velosiped, kəndirdartma, kyokuşin, mas-reslinq və digər idman növlərinin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.Tədbir bədii hissə ilə davam edib. Qeyd edək ki, Quba turistlərin Azərbaycanda ən çox üz tutduğu 4 regionun içərisində ilk sıralarda yer alır. Bu gün Quba respublikamızda, həm də zəngin idman ənənələri olan bir rayon kimi tanınır.Rayonun 2024-cü il üçün “İdman Paytaxtı” seçilməsi rayonun ölkə miqyasında və ölkə hüdudlarından kənarda daha geniş tanıdılması baxımından əlavə imkanlar yaradacaq ki, buda rayona daha çox turistin axın edəcəyindən xəbər verir.