QUBADA “İDMAN FESTİVALI 2024”-ÜN RƏSMİ AÇILIŞI OLUB
Baxış sayı: 69
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət parkında “İdman festivalı 2024”-ün rəsmi açılış mərasimi keçirilib. Dövlət rəsmilərinin və ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi festivalda əvvəlcə ağırlıqqaldırma, atıcılıq, basketbol, futbol, atletika, boks, cüdo, voleybol, idman dırmanması, qış idman növləri, həndbol, güləş, stolüstü tennis və digər idman növlərinin nümunəvi çıxışları izlənilib. İdman tədbirinə Azərbaycanla yanaşı, Türkiyə və Mərakeşdən də idmançılar qatılıblar. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov dövlət başçısının apardığı uğurlu idman siyasətinin nəticəsi olaraq bu gün Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsindən, idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks tədbirlərin həyata keçirilməsindən, gənclərin vətənpərvər və sağlam ruhda böyümələri üçün idmanla məşğul olmalarının önəmindən danışıb. Gənclər və İdman naziri Fərid Qayıbov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələr kimi idman sahəsinin də inkişaf etməsini, idmançıların yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmasını, onların maddi rifah halının, eləcə də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, müasir standartlara cavab verən idman infrastrukturunun yaradılması nəticəsində ölkənin uğurlarının günbəgün artmasını, idmançıların beynəlxalq arenalarda uğurla təmsil olunmalarına diqqət çəkib.Tədbir bədii hissə ilə davam etdirilib.