QUBADA “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI” FORUMU KEÇİRİLDİ

Qubada Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və

Azərbaycan ədəbiyyatı” Forumu keçirilib. Forum iştirakçıları əvvəlcə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Forumun açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini bölüşüb, Ulu Öndərin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmət nümunəsidir. Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycanı ictimai-siyasi, sosial-iqtisadi və mədəni cəhətdən inkişaf etmiş ölkəyə çevirib. Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində ölkəmiz özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Aqil Abbas, Xalq yazıçısı Elmira Axundova və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı böyük xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olub. Forumda iştirakçılar “Heydər Əliyevin XX əsr Azərbaycan ədəbiyyatının inkişafında rolu”, “Ümummilli Liderin ədiblərə diqqət və qayğısı”, “Cavidin məzarının Sibirdən gətirilməsi, Şuşada Vaqifin məqbərə kompleksinin qurulması və digər tarixdə qalan işlər”, “Heydər Əliyev və ana dilimiz”, “Heydər Əliyev və ədəbi gənclik”, “Heydər Əliyev və Güney Azərbaycan ədəbiyyatı”, “Ulu Öndər və ölkənin şimal bölgəsi ədibləri”, “Heydər Əliyev yazıçıları KQB-nin qanlı caynağından necə xilas etdi?” mövzularında məruzələr dinləyiblər. İki gün davam edən forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin yüz illiyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabı təqdim olunub. Kitab AYB-nin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.