QUBADA ŞEYXƏLİ XANA HƏSR OLUNAN MONOQRAFİYANIN TƏQDİMATI KEÇİRİLİB

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyevin müəllifi

olduğu “Şeyxəli Xan: İmperiya ekspansiyasına qarşı dövlətçilik mübarizəsi” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi və Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Şeyxəli Xanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Şeyxəli xanın həyat və siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbirdə çıxış edən ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev monoqrafiyanın Azərbaycan dövlətçilik tarixinin, xüsusilə Quba xanlığı dövrünün araşdırılması baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, əsər milli tarixi yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm elmi əhəmiyyət daşıyır. Təqdimat mərasimində AMEA-nın Tarix və Etnologiya İnstitutunun alimləri, tarixçilər, ziyalılar, şəhid ailələrinin üzvləri, tələbələr və digər qonaqlar çıxış ediblər. Natiqlər monoqrafiyanın elmi dəyərindən, Şeyxəli xanın imperiya ekspansiyasına qarşı mübarizəsindən və onun dövlətçilik tariximizdəki rolundan danışıblar. Müəllif Mürvət Əliyevə tarixi irsimizin tədqiqinə verdiyi töhfəyə görə təşəkkür edilib. Çıxışlarda Şeyxəli xanın mübarizə yolunun gələcək nəsillərə çatdırılmasının, tarixi şəxsiyyətlərin irsinin elmi əsaslarla öyrənilməsinin vacibliyi xüsusi qeyd olunub. Tədbirin bədii hissəsində Polad Heydərovun və aşıq Farizin ifasında “Gözəl Quba” mahnısı səsləndirilib. Sonda müəllifə təltiflər təqdim olunub və xatirə fotosu çəkdirilib.