QUBADA ŞƏHİDİN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLİB
Baxış sayı: 507
2020-ci il oktyabr ayının 15-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Cəlil Xeyrullayevin doğulduğu İkinci Nügədi kəndindəki evinin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirilib. Açılışda Rayon İcra Hakimiyyətinun məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının və ictimai təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.Mərasimdə çıxış edən Quba İH başçısının 1-ci müavini Tariyel İbrahimov Daxili İşlər Nazirliyinin çavuşu olmuş Cəlil Xeyrullayevin Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən ətraflı danışıb. Onun vaxtilə qulluq etdiyi hərbi hissənin komandiri Zaur Rəhimov Cəlilin Kəlbəcər, Füzuli, Cəbrayıl rayonlarının alınmasında xüsusi şücaət göstərdiyini vurğulayıb, onun gənclərə gözəl nümunə olan qısa, lakin mənalı həyat yaşadığını diqqətə çatdırıb. Cəlil Xeyrullayev Xüsusi Təyinatlı Qüvvələrin çavuşu kimi Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb Murovdağ zirvəsi, Cəbrayıl, Füzuli rayonlarının və Hadrut qəsəbəsi uğrunda şiddətli döyüşlərin iştirakçısı olub. Oktyabrın 15-də Füzuli şəhərinin azad olunması uğrunda gedən döyüşlər zamanı yanında tank mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.