QUBADA ŞƏHİD SURXAY MEHDİYEVİN XATİRƏSİ ANILDI

Qubada 44 günlük vətən müharibəsində şəhadətə yüksələn Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin

baş çavuşu, şəhid Surxay Mehdiyevin xatirəsi anıldı. Anım günündə ilk olaraq şəhidin məzarı ziyarət olundu. Məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.Daha sonra şəhidin adını daşıyan parkın açılış mərasimi baş tutdu. Tədbirdə rayon icra hakimiyyətinin, YAP Quba rayon təşkilatının, şəhər bələdiyyəsinin nümayəndələri, şəhid ailələri və yerli sakinlər iştirak etdi. Çıxış edənlər  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəsindən və şəhid Surxay Mehdiyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından söz açdılar. Qeyd olundu ki, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsi xalqımızın ürəyində əbədi yaşayacaq. Anım mərasimində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Daha sonra şəhidin adını daşıyan parkda abidənin açılışı oldu.Qeyd edək ki, 1985-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açan Surxay Mehdiyev hələ 8 yaşında olarkən mənfur ermənilər onların kəndini işğal edib. Ailəsi ilə birgə Qubada yaşayan Surxay hərbi xidmətdən sonra Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi çalışıb. O, Vətən müharibəsində Murovdağ zirvəsi, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Hadrut qəsəbəsinin düşmən tapdağından azad edilməsində fəal iştirak edib. Bu döyüşlər zamanı bir dəfə ağır yaralansa da yarası sağalmadan yenidən israrla döyüşə qatılıb. Xocavənd istiqamətində gedən qızğın döyüşdə isə Surxay Mehdiyev şəhidlik zirvəsinə yüksəlib. Döyüşlərdə göstəridiyi şücaətinə görə, Mehdiyev Surxay Zülfü oğlu ölümündən sonra Vətən uğrunda və Cəbrayılın azad olunmasına görə medalı ilə təltif edilib.

{youtube}TJ3tUEGO0f0{/youtube}