Quba-Xınalıq yolunda sürüşmə baş verib. Hadisə yolun 30-cu kilometrliyində, “Nazlı bulaq” kimi tanınan ərazidə qeydə alınıb.
Güclü yağışların ardından dağ yamacından yola qum və palçıq kütləsi axıb. Nəticədə yolun hərəkət hissəsi keçilməz vəziyyətə düşüb və avtomobillərin hərəkəti müvəqqəti olaraq dayanıb. Qeyd edək ki, Quba-Xınalıq yolunun bu hissəsində əvvəl də sürüşmələr qeydə alınıb. İyul və avqust aylarında da güclü yağışlardan sonra 30-cu kilometrliyə torpaq və palçıq kütləsinin axdığı, bəzi hallarda yolun hərəkət üçün bağlandığı barədə məlumatlar yayılıb. Hazırkı vəziyyətlə bağlı əsas məqsəd yolun təhlükəsiz şəkildə təmizlənməsi və nəqliyyatın hərəkətinin bərpa olunmasıdır. Sürücülərə isə ərazidə təhlükəsizlik tədbirlərinə və yol əməkdaşlarının göstərişlərinə diqqətlə əməl etmək tövsiyə olunur.
