QUBA-XAÇMAZ BÖLGƏSİNDƏ DİNİ DURUM GENİŞ MÜZAKİRƏ OLUNUB
Baxış sayı: 11
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə Quba-Xaçmaz bölgəsi üzrə görüş keçirilib. Tədbir “Bölgədə dini durum, aktual çağırışlar və dövlət–cəmiyyət əməkdaşlığı” mövzusuna həsr olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, dini icma rəhbərləri, ilahiyyatçılar, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və bölgə ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Regional görüş Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə sayğı duruşu ilə başlayıb. Tədbirin əsas məruzəçisi olan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ölkədə mövcud dini durum, qlobal və regional çağırışlar, radikalizm riskləri, həmçinin dövlətin dini sahədə həyata keçirdiyi siyasətin, o cümlədən qanunvericilik aktlarının əsas istiqamətləri barədə ətraflı və sistemli mövqe ortaya qoyub.Fazil Mustafa dövlət–cəmiyyət əməkdaşlığının gücləndirilməsinin dini sahədə sabitliyin təmin olunmasında önəmli rol oynadığını bildirib. Tədbirin növbəti mərhələsində iştirakçıların sualları cavablandırılıb. Açıq dialoq formatında aparılan müzakirələrdə bölgədə dini sahədə mövcud olan praktiki məsələlər, ictimai gözləntilər və qarşılıqlı güvənin daha da artırılması yolları müzakirə edilib. Görüşdə, həmçinin Millət vəkilləri Əlibala Məhərrəmzadə və Anatoliy Rafailov, eləcə də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev çıxış edərək, dini sahədə dövlət siyasətinin hüquqi əsasları, regional əməkdaşlıq və ictimai həmrəyliyin möhkəmləndirilməsi mövzularına toxunublar.
Qafqaz Müsəlmanları İdarəsinin Quba-Qusar rayonları üzrə qazısı Naib Səttarov, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, Xınalıq kənd sakini Yusif Şabanov və b. çıxışlar ətrafında öz fikirlərini bölüşüb. Sonda Quba Rayon İcra Hakimiyyəti başçısının l müavini Tariyel İbrahimov qonaqlara və bütün iştirakçılara təşəkkür edərək, belə tədbirlərin ictimai fikrin düzgün qidalanması baxımından önəmli olduğunu bildirib. Tədbir kollektiv xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
