Quba Olimpiya İdman Komleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı və Quba-Xaçmaz Regional
Gənclər və İdman İdarəsinin dəstəyi ilə İdman Paytaxtı çərçivəsində stolüstü tennis üzrə ölkə birinciliyi keçirilib. Yarış Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Yarışın açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi Könül Mikayılova, Quba Olimpiya İdman Kompleksinin direktoru Cavid Seyidov, müxtəlif federasiya və KİV nümayəndələri iştirak ediblər. Yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar bacarıqlarını göstərəcəklər. Üç gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparacaq. İştirakçılar şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayacaqlar. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.