Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət evi binasının tikintisi sakinlər tərəfindən razılıqla qarşılanıb. Ümumi sahəsi 350 kvadratmetr olan Mədəniyyət evi binası qəsəbənin mədəni həyatına müsbət töhfələr verəcək.
Mədəniyyət evi binasının tikintisi ilə tanış olan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə məlumat verilib ki,qeyd olunan layihənin inşası cari ilin mayında başa çatdırılacaq. Burada dekorativ yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemi quraşdırılacaq. İcra başçısı Ziyəddin Əliyev xüsusi karantin rejimi dövründə Qonaqkənd və Cimi kəndlərində yaşayan ahıl vətəndaşlara,kimsəsizlərə və aztəminatlı ailələrə yardım sovqatlarının paylanmasının intensivləşdirilməsi və bu zaman sui-istifadə hallarına yol verilməməsinin vacibliyini vurğulayıb. Onu da qeyd edək ki,Quba-Qonaqkənd yolunun 21-ci kilometrliyində, Təngəaltı dərəsi kimi tanınan ərazidə yolun darısqal olması nəqliyyatın hərəkətində çətinliklər yaradırdı.Hazırda bu ərazidə aparılan genişləndirmə işləri qeyd olunan çətinliyi aradan qaldıracaq.Xüsusi texnikalarla qayalar çapılır,çay istiqamətdən beton hasar çəkilməklə yol genişləndirilir.Cari ilin yay aylarında işlər yekunlaşdırıldıqdan sonra Təngəaltı həm də füsunkar turizm məkanı kimi könülləri oxşayacaq.