QEYRİ-İSLAM DİNİ İCMALARININ NÜMAYƏNDƏLƏRİ QUBADA OLUBLAR
Baxış sayı: 407
Qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn xarici qonaqlar Qubaya səfər ediblər. Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə reallaşıb. 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105-ci ildönümü ilə əlaqədar təşkil olunan səfər çərçivəsində qonaqlar əvvəlcə Qubada dağ yəhudilərinin yığcam şəkildə yaşadıqları Qırmızı qəsəbədə yerli icma nümayəndələri ilə görüşüb, burada Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi və “Giləki” sinaqoqu ilə yaxından tanış olublar. Sonra qonaqlar Cümə məscidində olublar. Zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıq zamanı qonaqların diqqətinə çatdırılıb ki, məbəd 1802-ci ildə tikilib. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.Daha sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, dini konfessiyaların nümayəndələri dualar oxuyublar. Səfərdə iştirak edən qeyri-islam dini icmalarının nümayəndələrinin diqqətinə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə bilgi əldə etmək mümkündür. Qonaqlar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar. Səfərdə Azərbaycandakı Dağ Yəhudiləri, “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası”, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, “Azərbaycan Bibliya Cəmiyyəti”, “Yeddinci Günün Adventistləri”, “Xilaskar Yevangelik-Lüteranlar”, “Bakı şəhəri Yeni Apostol”, “Həyat sözü Xristian”, Yevangelist Məsihi Baptistlərinin “Aqape”, “Həyat sözü”, “Həyatverici lütf”, “Alov”, “Vineyard”, “Krişna Şüuru”, “Molokan ruhani-xristian” və “Bəhai” dini icmaları təmsil olunub.