QATAR 6 İLLİK FASİLƏDƏN SONRA TİFLİSƏ YOLA DÜŞDÜ

Bakı-Tiflis-Bakı marşrutu üzrə ilk sərnişin qatarı Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da yola salınıb. Bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edir. Sərnişinlərə komfort, komfort+ və lüks siniflər üzrə xidmət göstərilir. Qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bakı–Tiflis–Bakı qatarları Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq.Qeyd edək ki, Bakı-Tbilisi qatarına minik üçün biletlə yanaşı başqa sənədlərin təqdim olunması mütləqdir.Bu barədə bilgini “Azərbaycan Dəmir Yolları” QSC yayıb. Verilən bilgiyə əsasən, bu sənədlərə ümumvətəndaş pasportunun əsli ,mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil, Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq və ya uşaqlar üçün digər valideynin və ya başqa bir böyüklə ,yəni valideynsiz səfər edən uşaq və ya uşaqlar üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir.