QARIN YAĞMASI QUBAYA GƏLƏN TURİSTLƏRİN SAYINI ARTIRIB

Ölkənin əsas qış turizm mərkəzlərindən sayılan Qubada son günlər qarın yağması ilə kütləvi turist axını var. Quba Destinasiya Menecmenti Təşkilatının direktoru bildirib ki, qarın yağmasına baxmayaraq, turistlərin rahat gediş - gəlişi üçün yollar təmizlənib. Ancaq bəzi marşrutlar üzrə səyahətlər yollarda yarana biləcək təhlükə ilə əlaqədar məsləhət görülmür. Quba rayonunda hər il on minlərlə yerli və əcnəbi turistlər istirahət edir. Bu fəsildə turistlər daha çox Quba, Qusar və Qəbələdə istirahət etməyi seçirlər. Quba rayonuna gələn əcnəbi turistlər arasında Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olanlar üstünlük təşkil edir. Xarici qonaqlar ekoturizmə daha çox maraq göstərirlər. Havanın qarlı olması səbəbindən hələ yaxın bir neçə gündə də bölgəyə turist axınının olacağı proqnozlaşdırılır.