QARABAĞ MƏSƏLƏSİ ERMƏNİSTANI DÖVLƏT OLMAĞA QOYMUR?

Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanda dövlət yaradılmasının qarşısını almaq üçün istifadə edilib. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Mülki

müqavilə” partiyasının İcevanda keçirilən iclası zamanı deyib. “Başqa sözlə, biz dövlət yaratmaq üçün qoymalı olduğumuz bütün resurslarımızı həll olunması mümkün olmayan “dqr”in yaradılması probleminə qoyuruq”, - deyə Paşinyan bildirib. İllərdir bizə deyirdilər ki, yol, məktəb, xəstəxana tikməyin:

“Hətta deyirdilər: “Ordu nəyə lazımdır? Sizin arxanızda biz durmuşuq. Nə probleminiz var?” Nəticədə biz öz resurslarımızı həll edilməyən problemə xərclədik” – deyə Paşinyan əlavə edib.Nikol Paşinyan ad çəkməsə də, Rusiyanı nəzərdə tutduğuna eyham vurub. Son 5 ildə baş nazir Nikol Paşinyan hökumətinin apardığı siyasət əsasən Moskvanın nüfuz dairəsindən uzaqlaşmağa yönəlib. Çünki onun təmsil etdiyi siyasi qüvvə fəaliyyəti dövründə Rusiya əleyhinə çıxışları ilə seçilib. Xatırladaq ki, Paşinyan müxalif deputat olduğu dövrdə parlamentdə Kremlin təşəbbüsü ilə yaranan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi İttifaqına qarşı çıxışlar edib, hətta bu qurumlardan Ermənistanın çıxması məsələsinin gündəliyə düşməsinə nail olmuşdu. Ancaq hökumət başçısı olduqdan sonra bunların tam tərsini söyləməyə başladı.