QAFQAZ ROBOTEXNİKA MƏRKƏZİNDƏ GƏLƏCƏYİN MÜHƏNDİSLƏRİ YETİŞİR

İllər öncə o da robotexnika sahəsinə özəl maraq göstərən bir məktəbli idi. Bu marağı onu hər çağ yeni icadlar düşünüb, qurmağa sövq edirdi. Sonra bu maraq onun biliklərini inkişaf etdirib, doğma yurdunu beynəlxalq yarışlarda uğurla təmsil etməsi ilə sonuclandı. Beynəlxalq robotexnika yarışlarında uğur qazanan David Əliyev elə o zaman özünə söz vermişdi ki, öz bilik və bacarıqlarını bu sahəyə maraq göstərənlərlə paylaşacaq. Və budur indi Qusar rayonunda robotexnika sahəsinə maraq göstərən hər kəsin bu sahənin sirlərinə yiyələnə bilməlıri üçün bir mərkəz var: Qafqaz Robotexnika Mərkəzi. Qurucusu da illəröncə özünə söz verib, sözünü unutmayan David Əliyev. Burada müxtəlif yaş qruplarından olan şagirdlərə proqramlaşdırma, mexanika və elektronika sahələri üzrə tədris aparılır. Qısa müddət ərzində Mərkəzin yetirmələri artıq ciddi uğurlara imza atıblar. Quba şəhərində keçirilən “STEM” yarışında I yer qazanan bu istedadlı gənclər, eyni zamanda, Bakıda təşkil olunan “Fibonacci International” robot olimpiadalarının Azərbaycan mərhələsində də uğurla iştirak ediblər. Mərkəzin əsas məqsədi yeniyetmə və gəncləri gələcəyin texnologiyaları ilə tanış etmək və onların mühəndislik bacarıqlarını inkişaf etdirməkdir.