Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda isə Buduq İnzibati Ərazi Dairəsinin mərkəzi olan bu yaşayış məntəqəsində
buduq dilində danışan, buduqlular yaşayır. Tarixi mənbələrə əsasən Buduq kəndinin əsası Qafqaz Albaniyası dövründə qoyulub. Əhalinin Sasani qoşunlarının qəfil basqınlarından qorunması üçün, kənd çətin keçilən yerdə salınıb. Dövlət başçımızın tapşırığına əsasən Qubanın ucqar dağlıq ərazilərində yerləşən digər yaşayış məntəqələri kimi Buduqda da əhalinin yaşam vəziyyətinin daha da yaxşılaşdırılması,bu kəndlərin təbii resurslarının, turizm potensialının öyrənilməsi və istifadəsi məqsədilə tədbirlərin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Buduqda keçirdiyi səyyar görüş-qəbulda da əsas müzakirə mövzusu qədim tarixə və sərt coğrafi mövqeyə sahib olan bu kəndin sosial-iqtisadi vəziyyətini daha da sürətləndirmək, bu vətənsevər və fədakar insanların yaşam vəziyyətini daha da yaxşılaşdırmaq idi. Rayonun hüquq mühafizə orqanları, idarə,müəssisə və təşkilat rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə həlli vacib məsələlərin icrası ilə bağlı aidiyyatı qurumların səlahiyyətlilərinə tapşırıqlar verilib.Buduq kənd yolunun təmiri, kənddə yeni məktəb binasının tikintisi,əhalinin elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar buduqlular tərəfindən razılıqla qarşılanıb.Onu da qeyd edək ki, Buduq ərazisinin təbii füsunkarlığı nəzərə alınaraq turizm potensiallı ərazilərə baxış keçirilib, bu istiqamətdə əməli tədbirlərin icrası qeyd olunub, təblığat-təşviqat işlərinin önəmi vurğulanıb.