PREZİDENT: LAÇIN ŞƏHƏRİNİN AZAD EDİLMƏSİ HƏMİŞƏ TARİXDƏ QALACAQ
Baxış sayı: 116
Bu gün Laçın Şəhəri Günüdür. Laçın Şəhəri Günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Ordumuzun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri “X” sosial şəbəkəsində elan edib. Dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Artıq iki ildir ki, Laçın şəhərinin mərkəzində şanlı bayrağımız dalğalanır. Qeyd edək ki, Bu gün Laçında genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.