PREZİDENT İLHAM ƏLİYEV OLJAS SÜLEYMENOVU QƏBUL EDİB

Prezident İlham Əliyev Oljas Süleymenovu ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirdi və qeyd etdi ki, onu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır, həm qardaş Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi, həm də bütün məsələlər üzrə öz prinsipial mövqeyini hər zaman söyləmiş ictimai xadim kimi sevirlər. Görkəmli qazax şairinin Azərbaycanı həmişə dəstəklədiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, Oljas Süleymenov Ermənistanla Azərbaycan arasında münaqişənin həlli işində ölkəmizi həmişə dəstəkləyib. Prezident İlham Əliyev görkəmli şairin ən çətin zamanlarda da öz köklərinə, xalqına sadiq olduğunu və Qazaxıstanın uğurlu inkişafı üçün əlindən gələni əsirgəmədiyini dedi.