Son illərdə paytaxtda modern üslubda tikilən binalar sırasına daha biri əlavə olunub. Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində
ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir. Binanın hündürlüyü 12 metr olan foyesində “Əbədiyyət” kompozisiyası nümayiş olunur. Kompozisiyanın müəllifi rəssam-heykəltaraş Rəşad Mehdiyevdir. Üç hissədən ibarət olan kompozisiyanın rəmzi motivi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini əks etdirir. Kompozisiyada Azərbaycan xalqının həyat fəlsəfəsinə uyğun əbədi dəyərləri, qalib insan ruhunu, zəhməti və bərəkəti, dayanıqlılığı nümayiş etdirən ideyalar əksini tapıb. Nazirliyin yeni binası ilə tanışlıq zamanı qeyd olundu ki, 215 otaqdan ibarət işçi mərtəbələrdə əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bildirildi ki, yeni binanın tikintisinə 2017-ci ildə başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Müasir memarlıq üslubuna uyğun inşa olunan bina nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub. Binada nazirliyin Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunan konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxana var. Diqqətə çatdırıldı ki, ərazidə 170 avtomobil yerlik dayanacaq yaradılıb.