PREZİDENT İLHAM ƏLİYEV METSAMOR TƏHLÜKƏSİNİ GÜNDƏMƏ GƏTİRDİ

Prezident İlham Əliyevin Naxçıvanda Metsamor Atom Elektrik Stansiyası ilə bağlı səsləndirdiyi fikirlər regionun nüvə təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Sovet dövründə inşa edilən Metsamor AES-in hazırda fəaliyyət göstərən ikinci enerji bloku 1980-ci ildə istismara verilib. Reaktorun ilkin layihə ömrü 30 il nəzərdə tutulsa da, stansiya 1988-ci il Spitak zəlzələsindən sonra dayandırılıb və 1995-ci ildə yenidən fəaliyyətə başlayıb. Son illərdə AES-də genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin 2025-ci il SALTO missiyası təhlükəsizliyin müəyyən sahələrində irəliləyiş olduğunu qeyd etsə də, yaşlanmanın idarə olunması, sərt qəza şəraitində avadanlıqların dayanıqlılığı və bəzi mühüm tikililərə nəzarətlə bağlı işlərin davam etdirilməsini tövsiyə edib. Agentlik həmçinin bildirir ki, bu missiyalar stansiyanın bütün təhlükəsizlik vəziyyətinin tam tənzimləyici yoxlamasını əvəz etmir. Avropa İttifaqının mövqeyi isə daha sərtdir. Aİ sənədlərində Metsamorun beynəlxalq nüvə təhlükəsizliyi standartlarına tam uyğunlaşdırılmasının mümkün olmadığını bildirilir və stansiyanın bağlanaraq təhlükəsiz şəkildə istismardan çıxarılması, əsas hədəflərdən biri kimi göstərilir. Buna baxmayaraq, Ermənistan AES-in fəaliyyətini uzatmaq niyyətindədir. Hazırkı icazə 2026-cı ilin sentyabrında başa çatır. Ermənistan ikinci enerji blokunun istismarını daha 10 il — 2036-cı ilədək uzatmaq üçün müraciət edib. Məsələnin regional əhəmiyyəti isə mümkün qəzanın sərhədlərlə məhdudlaşmaması ilə bağlıdır. Radioaktiv maddələrin yayılma istiqaməti qəzanın miqyasından və meteoroloji şəraitdən asılıdır. Buna görə əvvəlcədən konkret ərazilərin mütləq çirklənəcəyini söyləmək mümkün deyil. Lakin ağır nüvə və ya radioloji qəzanın sərhədlərarası nəticələr yaratması real riskdir. Beynəlxalq qaydalara əsasən, belə hallarda radioloji təsirə məruz qala biləcək ölkələr vaxtında məlumatlandırılmalıdır. Bu baxımdan Azərbaycanın, xüsusilə Naxçıvanın, eləcə də Türkiyənin şərq bölgələrinin, meteoroloji şəraitdən asılı olaraq Gürcüstan və İranın da məsələyə marağı var. Risk yalnız mümkün radiasiya ilə məhdudlaşmır. Radioaktiv çöküntülər torpağa, su ehtiyatlarına, kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə uzunmüddətli təsir göstərə bilər. Metsamorun qarşısında iki əsas reallıq dayanır: Ermənistanın enerji ehtiyacı və stansiyanın yaşlanan reaktorunun yaratdığı təhlükəsizlik sualları. Modernləşdirmə işləri aparılsa da, seysmik bölgədə yerləşən sovet dövrü reaktorunun istismarının daha 10 il uzadılması regional müzakirələrin davam edəcəyini göstərir. Çünki nüvə təhlükəsizliyi dövlət sərhədləri ilə məhdudlaşmır. Stansiya bir ölkənin ərazisində yerləşə bilər, mümkün qəzanın nəticələri isə sərhəd tanımır.