PAŞİNYANLA KİLSƏ ARASINDA GƏRGİNLİK PİK HƏDDƏ

Ermənistanın baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan erməni apostol kilsəsinin nümayəndələrini sərt və təhqiramiz şəkildə tənqid edib. Paşinyan sosial media hesabında bu mövzuda bir neçə post paylaşıb. Baş nazir onlardan birində ruhaniləri “onu rahat buraxmağa” çağırıb, digərində Ermənistanda neçə yepiskopun subaylıq andına sadiq qaldığını soruşub. Hökumət başçısının həyat yoldaşı da onları müxtəlif günahlarda ittiham edib. Ermənistanın baş naziri ilə ruhanilər arasında münasibətlər son illərdə, xüsusən də erməni apostol kilsəsinin rəhbər orqanı - Eçmiədzinin 2020-ci ildə onun istefasını tələb etməsindən sonra pisləşib. Kilsə, həmçinin Qarabağla bağlı siyasətinə görə onu dəfələrlə tənqid edib. Ermənistanın hökumət başçısı ötən il Eçmiədzinin vergiyə cəlb edilməsinin zəruriliyini bəyan edib və kilsəni “təsir agenti” adlandırıb. Erməni müxalifətinin fikrincə, Paşinyan hakimiyyəti bu şəkildə kilsənin siyasi və ideoloji nüfuzunu zəiflətmək, Katolikosun mövqeyini sarsıtmaq və onun yerinə özünə tabe olacaq şəxsi gətirmək niyyətindədir. Müxalif fraksiyaların deputatları, o cümlədən “Şərəfim var” blokunun rəhbəri Hayk Mamicanyan baş nazirin bu kampaniyasını “Azərbaycanın anti-kilsə ritorikasına dəstək” adlandırıb. O, həmçinin qeyd edib ki, Azərbaycanın şeyxi Allahşükür Paşazadə bir neçə gün öncə Ermənistana məxsus dini obyektlərin yerləşdiyi əraziləri “tarixi Azərbaycan torpaqları” adlandırıb və bu bəyanatdan cəmi bir həftə sonra Paşinyanın kilsəyə hücumu təsadüfi ola bilməz. Buradan belə bir qənaətə gəlmək olar ki, erməni cəmiyyəti artıq ciddi parçalanma və daxili qarşıdurmalarla üz-üzədir. Ermənistan Apostol Kilsəsinin Ermənistan dövləti ilə, Ermənistan dövlətinin isə xaricdəki erməni lobbisi ilə toqquşma vəziyyətinə gəlməsi, bu ziddiyyətlərin nə qədər dərinləşdiyini ortaya qoyur. Nəticədə, bir vaxtlar “vahid erməni məqsədi” adı ilə təqdim edilən təşəbbüslər artıq bir-birinə qarşı düşmən mövqedə yer almağa başlayıb.