PAŞİNYAN KTMT-Nİ KÖPÜK İTTİFAQI ADLANDIRDI

Ermənistanın Baş Naziri Nikol Paşinyan növbəti dəfə Parlamentdə öz maraqlı açıqlamaları ilə diqqət çəkib. Baş Nazir ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tezliklə tərk

edəcəyini və bir daha geri qayıtmayacağına eham vurub. O, ad çəkmədən bəyan edib ki, Ermənistanın keçmiş hakimiyyəti köpük ittifaqına girib. Sonra isə ittifaqın Ermənistanı müdafiə etmədiyi üzə çıxıb. Paşinyan həmçinin ATƏT-in Minsk qrupu barədə də danışıb. O, bildirib ki, hazırda həmin qurumla heç bir ünsiyyət yoxdur. Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında isə Azərbaycanla sülh müqaviləsinin bağlanmasından danışıb. O, rəsmi İrəvanın 1 ay ərzində sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib. Paşinyanın sözlərinə görə sülh müqaviləsinin hazırkı mətni kifayət qədər yetkindir. Son ştrixlər, əvvəllər təsdiq edilən ikitərəfli sazişlər əsasında edilə, yekun formaya gətirilə və imzalana bilər. O, rəsmi Bakının da Praqa sazişlərinə və Almaatı bəyannaməsinə sadiq olduğunu və rəsmi İrəvanın da bu prinsipləri Brüssel, Soçi və Praqadan gələn bəyanatlarda təsbit etdiyini diqqətə çatdırıb.