ORUC MÜSƏLMANLARA NİYƏ VACİB EDİLDİ ?

İslamın vacib ibadətlərindən biri də Orucdur. Oruc ibadətinin yerinə yetirilməsində başlıca məqsəd insanları mənən saflaşdırmaq, onlara mərhəmətli, səbirli və

dözümlü olmağı öyrətməkdir. İbadət etmək insanın xeyrinə olan bir əməldir. İslamın beş şərtindən biri olan orucun da insana heç bir zərəri olmaz. Əksinə, mədəyə, eləcə də digər orqanlarımıza sağlamlıq baxımından çox faydalıdır. Bu müasir tibb mütəxəssisləri tərəfindən açıq və qəti bir şəkildə isbat edilib. Bəzi insanlar fikirləşirlər ki, bir ay, xüsusilə ilin isti vaxtları gündüzləri yemədən-içmədən qalıb gecələri yeyib-içmək səhhətə zərərlidir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. İslam alimləri orucun müsəlmanlara vacib edilməsini əsasən üç amillə bağlayırlar. Birincisi oruc Allaha ibadət, onun əmrlərini yerinə yetirmək, günahlardan çəkinmək məqsədi daşımalıdır.İkincisi oruc nəfsin tərbiyəsi, səbr və dözümlülüyün gücləndirilməsidir. Üçüncüsü isə oruc tutmağın insanın özünü yemək yeməkdən məhrum etməsi məqsədi daşımır,burada əsas məqsəd imkansızlara kömək göstərmək, onların yaşadıqları hissləri duymaqdır. Gücü və imkanı olan hər bir müsəlman Ramazan orucunu tutmalı, saflaşmalı, mənən zənginləşməli və bu ibadətin ona verdiyi fəzilətlərdən səmərəli bəhrələnməyə səy göstərməlidir. Uca Allah bütün dua və orucları qəbul etsin.