ORTAQ TÜRK ƏLİFBASININ TÜRK DÜNYASINA FAYDASI
Baxış sayı: 33
Sentyabrın 9-11-də Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Türk Dünyası Ortaq Əlifbası Komissiyası bir neçə türkdilli ölkələrin nümayəndələrindən ibarətdir. Hər bir Türkdilli dövlət 2 nümayəndəsini komissiyaya üzv kimi təqdim edib. Bu, rəsmi dövlətlərarası komissiyadır. Beynəlxalq Türk Akademiyası bu komissiyanın katibliyi vəzifəsini yerinə yetirir. Qeyd edək ki, komissiyanın əsas vəzifəsi Ortaq Türk Əlifbasının yaradılması idi. Qeyd edək ki, son dövrdə istər Azərbaycanda, istərsə də Türk dünyasında türklər üçün ortaq ünsiyyət dili ilə bağlı bir sıra araşdırmalar aparılsa da, ortaq ünsiyyət dilinə gedən yolda əlifba və imla problemləri hələ də sistemli və hərtərəfli araşdırma obyekti olmayıb və bu sahədə fikir ayrılıqları bu gün də mövcuddur. Hətta Türk dövlətləri və xalqlarının vahid əlifba məsələsinin real olmadığını deyən aydınlarımız da az deyil. Əlbəttə ki, Türk dünyasında latın əlifbasına keçməklə bağlı ciddi addımlar atılıb. Azərbaycan, Türkmənistan və Özbəkistanda yeni latın əlifbaları qəbul edilib. Son dövrlərdə Qazaxıstanda da latın əlifbasına keçmək haqqında qərar verilmişdi. Ancaq yeni əlifbalarda ciddi fərqliliklər var. Qeyd edək ki, Artıq təsdiq olunmuş layihə Türk Dövlətləri Təşkilatı vasitəsilə üzv dövlətlərə, Xarici İşlər nazirliklərinə və əlaqədar qurumlara göndərilib.