Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür. Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın
keçdiyi çətin və şərəfli yola bir daha qısa nəzər salır. XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub.“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, o, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayıb. Müasir dövrdə milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Müharibədən sonra, hələ də davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin bariz nümunəsidir.