MƏTBUAT ŞURASINA YENİ SƏDR SEÇİLİB
Baxış sayı: 624
Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib. Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxuyub. Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayından ötən dövrdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Daha sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, məruzələr ətrafında müzakirələr aparılıb. Mətbuat Şurası sədrinin müavini Müşviq Ələsgərli Şuranın Nizamnaməsində ediləcək dəyişikliklərlə bağlı bilgi verib. Qurultayda Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əlavə və dəyişiklik edilib. “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” “Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi” olaraq dəyişdirilib. Eyni zamanda, Nizamnaməyə “Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi” prinsipi əlavə olunub. Tədbirdə, həmçinin Mətbuat Şurasının nəzarət-təftiş komissiyasının və İdarə Heyəti üzvlərinin müəyyənləşdirilməsi ilə bağlı seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mətbuat Şurasının 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası, 14 jurnalistdən və 9 ictimaiyyət nümayəndəsindən ibarət olmaqla, 23 nəfərlik İdarə Heyəti formalaşıb.Azərbaycan jurnalistlərinin VIII qurultayı çərçivəsində baş tutan səsvermədə "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.Sonda qurultayın qətnaməsi səsə qoyularaq qəbul olunub.Bununla da jurnalistlərin VIII qurultayı başa çatıb.