LONDONDA QARABAĞ ATLARINI 5 MİNDƏN ARTIQ TAMAŞAÇI İZLƏYİB

Böyük Britaniyada Qarabağ atlarının iştirakı ilə “Kral Atçılıq Şousu” təşkil olunub. Məşhur “Vindzor” qəsrinin ərazisində təşkil edilən proqramda ölkəmiz 70 nümayəndə ilə çıxış edib. 15 Qarabağ atının iştirak ilə nümayiş olunan “Odlar yurdu” tamaşası izləyənlərin rəğbətini qazanmağı bacarıb. 6 dəqiqəlik proqramda süvarilər atçapma məharətini göstəriblər. Bundan başqa, musiqi sədaları altında milli rəqslərimiz də nümayiş etdirilib. Maraq üçün deyək ki, sözügedən çıxışları 5 mindən artıq tamaşaçı tribunadan izləyib. Qeyd edək ki, qarşıdakı günlərə nümayəndələrimizin daha 3 çıxışı nəzərdə tutulub. Həmin proqramlar həm televiziya, həm də internet vasitəsilə canlı yayımda tamaşaçılara təqdim olunacaq.