LAÇIN “ZİRVƏSİ”NİN ƏSAS STRATEJİ ƏHƏMİYYƏTİ

Azərbaycanın Müstəqillik Günündə üç qardaş ölkə liderlərinin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan Baş Naziri Şahbaz Şərifin və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Zirvə görüşünün keçirilməsinin tarixi və geosiyasi əhəmiyyəti var. Xüsusulə də Zirvə görüşünün Ermənistanın 30 illik işğalından azad edilən ərazilərimizdə baş tutması indiki beynəlxalq münasibətlər sistemində çöküşün baş verdiyi zamanda reallaşması dünyaya bir mesajdır. Üç ölkə Cənubi Qafqazda, o cümlədən, regionun tranzit olaraq yer aldığı Orta dəhlizdə birlik olduqlarını Şərqi Zəngəzurdan nümayiş etdirdi. Laçın Zirvəsi Ankara-Bakı-İslamabad xəttində “Üç Qardaş Alyansı”nın qurulduğunun, siyasi, iqtisadi və digər sferalarda strateji əlaqələrin genişləndirilməsi ilə 44 günlük müharibədən sonra daha çox qeyri-rəsmi formada da olsa, ancaq zaman-zaman gündəmə gələn üçtərəfli hərbi ittifaq perspektivlərinin artdığı qənaətini möhkəmləndirdi. Qeyd edək ki, bu görüş təkcə üç ölkə arasında deyil, həm də daha geniş bir regional kontekstdə əməkdaşlıq və inteqrasiyanın yeni yollarını açır. Azərbaycanın bu strategiyası regionda balansı qorumaq, yeni strateji imkanlar yaratmaq və beynəlxalq arenada mövqeyini möhkəmləndirmək baxımından uğurlu bir addımdır.