KREML SÜLH MÜQAVİLƏSİNİN MOSKVADA İMZALANMASINI İSTƏYİR
Baxış sayı: 19
Kreml Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsini məhz Moskvada imzalanması uğrunda mübarizəyə başlayıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin “Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır” açıqlaması bundan xəbər verir. Rusiyalı diplomat bu sözləri Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib. Qaluzinin sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir. “Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb” deyən Qaluzin tərəflərə qalan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb. Qaluzinin “aydındır ki, planlarımızı praktiki olaraq həyata keçirmək üçün hələ də mühüm işlər görülməlidir” cümləsi də maraq doğurur. Ekspertlərin fikrincə Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılmasında maraqlıdır. Bu səbəbdən də Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün Rusiya paytaxtının seçilməsi ehtimalı azdır. Sülh sazişinin imzalanması üçün yenidən okeanın o tayına səfərə ehtiyac olmasa da, sənəd müxtəlif məkanlarda, iki ölkənin sərhəddində, Tiflisdə, Ankarada və ya Astanada imzalana bilər.