KƏNDLƏRƏ TURİST AXINI BAŞLAYIB

Əvvəl daxili turizmə tələbat çox aşağı olsa da, birdən-birə bu tələbat artıb və insanlar rayonlara axın etməyə başlayıblar. Əlbətdə ki, bu proses bazar qiymətinə də təsir siz ötüşməyib. Məlumat üçün bildirək ki, ölkədə günlük daxili turların qiyməti təxminən 25-30 manatdan başlayır. İki gün, bir gecəlik turların qiyməti minimum 85, üç günlük turlar isə 140 manatdır. Buraya səhər yeməyi, nəqliyyat qiyməti və tur rəhbərliyi tərəfindən təşkil edilən əyləncə proqramları daxildir. Şəki-Balakən, Quba-Qusar, Qəbələ-İsmayıllı, Lənkəran-Lerik kimi turistik bölgələrimizdə günlük kirayə həyət evlərinin qiyməti yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Məsələn, Qubanın Qəçrəş kəndindəki iki-üç otaqlı evlər 70-150, dördotaqlılar isə 120-200 manatdan kirayəyə verilir. İsmayıllıda turistlərin maraq nöqtəsi olan yerlərdə üçotaqlı evlər 60-230, 4-6 otaqlı evlərin qiyməti isə 200-250 manatda qərarlaşır. Şəki, Lənkəran kimi şəhərlərimizdə isə qiymətlər digərləri ilə müqayisədə daha ucuzdur. Belə ki, burada 80-90 manata dörd-beş otaqlı evlər tapmaq mümkündür.