KÜRƏSƏL HƏDƏFLİ GƏNC

Qusarlı gənc David Əliyev yaradıcı bir gəncdir. Düzdür onun yaradıcılığı incəsənət sahəsində deyil, tam başqa bir sahəni əhatə edir.

Beləki, lap uşaq yaşlarından atasından texniki qurğuların işləmə mexanizmlərini öyrənən David sonradan məktəb yaşlarında da bu biliklərini inkişaf etdirib. Öyrəndiyi biliklər isə ona bu gün ixtiralar dünyasına yol açmağa yardımçı olub. İlk müstəqil hazırladığı ixtira isə elektrik enerjisinin yardımı olmadan suyu yüksəkə qaldıra bilən qurğudur. David deyir ki, müxtəlif icadlar eləmək haqqında tez- tez düşüncüləri olur. Amma bu ideyalar ona çox zaman görəcəyi işi asanlaşdırmaq istəyi olanda gəlir. Məsələn, elə bu su qaldırıcı qurğu kimi. David deyir ki, bu ixtirasını mükəmməlləşdirdikdən sonra  yaratdığı bu qurğuya ad verib öz damğasını vurmaq fikrindədir. Davidin atası Əmrulla Əliyev deyir ki, gənc ixtiraçı bu qurğunun hazırlanmasında yalnız tullantılardan istifadə edib. Əmrulla Əliyev bildirir ki, hər çağ qurub yaratmaq yolunu seçən oğlu David məişətdə işi asanlaşdıracaq, eyni zamanda da ekologiyaya zərər vurmayan qurğular quraşdırmaqla həm də təbiəti düşünür. Onun sözlərinə görə David gələcəkdə qlobal istiləşmə olarsa onun qarşısının alınması üçün nələr etmək lazım olduğunu hər zaman düşünür. Oğlunu bu işlərə həvəsləndirən Əmrulla Əliyev həmçinin bildirdi ki, o, Davidi uşaqlıqdan lazımsız hesab edilib, atılacaq tullantılara ikinci həyat verib, onlardan yararlı nələrsə hazırlamağın mümkünlüyünə alışdırıb. İnsanlığa,yaşamı yaxşılaşdırmağa köklənən işlər görmək isə Davidə atasından, Davidin  atasına isə öz atasından öyüd olaraq gəlib və Əliyevlər ailəsi bu gün o öyüdlə öz yaşamlarına davam edirlər. Davidin bağ işlərini asanlaşdırmaq, eyni zamanda ekologiayaya ziyan vermədən, elektrik enerjisinin yardımı olmadan çalışan su qaldırıcı qurğusu  isə kənardan sadə görünsə də əslində elektrikli su qaldırıcının elədiklərini edə bilir. Qurğunu Qusarçayında sınaqdan keçirib bunu öz gözlərimizlə də gördük. Onu da qeyd edək ki, David 1-ci ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında iştirak edərək yüksək bal toplayıb. Təhsilini isə elə marağında olduğu ixtisas üzrə davam etdirmək fikrindədir. Sonda,  çəkilişimizi bitirəndə gənc ixtiraçının gələcəkdə  daha kürəsəl icadlar edə biləcəyinə və insanlığa yararlı kəşflər edəcəyinə heç bir şübhımiz qalmadı. Buna bizi Davidin doğaya hansı həsaslıqla yanaşdığı inandırdı. Gənc Davidə uğurlar arzulayıb növbəti ixtiralarını tanıtmaq istəyi ilə ondan ayrılıb yeni ixitraçılar sorağına çıxdıq.