İRANIN ZƏNGƏZUR QORXUSU
Baxış sayı: 500
Artıq üç həftədir ki, bütün dünyanın diqqəti İranda hakimiyyət əleyhinə etirazlara yönəlib, rejimin dinc nümayişçilərə qarşı zorakılığına və repressiyalarına beynəlxalq səviyyədə kəskin reaksiyalar getdikcə artmaqdadır. Nə qədər qəribə olsa da, bu şəraitdə bəzi iran rəsmilərinin, eləcə də iran mediası və ekspertlərinin işi-gücü Azərbaycanı izləməkdir və onlar hər dəfə bir bəhanə ilə qonşu ölkənin ünvanına absurd ittihamlar səsləndirməkdə sanki yarışa giriblər. Son günlər bunun üçün bəhanə kimi İsrailin Müdafiə nazirinin Bakıya rəsmi səfərindən istifadə olunub və həmin səfər kontekstində Azərbaycan Respublikasına qarşı xəstə təxəyyülün məhsulu kimi qiymətləndirilə bilən əsassız iddialar səsləndirilib. Məsələn İranın rəsmi İrna agentliyi İsrail Müdafiə Nazirinin Azərbaycana səfərinə həsr etdiyi təhlildə açıq şəkildə yazır : “Sionist rejim, yəni İsrail Qarabağda gərginliklərin arxasında dayanan əsas amillərdən biridir. Bu rejim özünün bəd niyyətlərini həyata keçirtmək üçün regionun geosiyasi durumunu dəyişdirməyə çalışır. ” Beləliklə məsələ gəlib yenə Zəngəzur dəhlizinin üzərinə çıxır ki, buda rəsmi açıqlamalardan da bilindiyi kimi İranın regionda əsas narahatlıq qaynağını təşkil edir. Əlbətdə İrandan Azərbaycana qarşı səslənən bu cəfəng iddihamların hansı məntiqə söykəndiyini anlamaq çətindir. Amma iddihamları səsləndirənlər onu bilməlidirlər ki, Azərbaycan öz dostlarını İranın arzusu və istəyi əsasında seçməyə borclu deyil. Onun xarici əlaqələri də özünün milli mənafelərinin qorunmasına xidmət edir. Eyni zamanda Azərbaycan qonşu dövlətlərin, o cümlədən İranın xarici siyasətinə qarışmır. Və İrandan da eyni münasibəti gözləməyə tam haqqı çatır.