İRAN QARABAĞA TƏXRİBAT HAZIRLAYAN QRUP GÖNDƏRİB

14 nəfər İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə keçmiş daha bir iranlı dəstə haqda bilgi əldə edilib. Bu dəfə Qarabağa İrandan 13 nəfərlik qrupun keçdiyi məlum olub. “Qafqazinfo”nun verdiyi bilgiyə görə, noyabrın 24-də 34-QA-444 nömrəli “Mercedes” avtomobillə Qarabağa keçmiş ilk qrupun gəlişindən cəmi 6 gün sonra, yəni noyabrın 30-da bura növbəti dəstə gətirilib. Beləliklə, İrandan Azərbaycan ərazisinə müxtəlif dəstələrin keçirilməsi artıq kütləvi hal alıb. Ümumilikdə 6 gün ərzində – noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. Özü də bu iki qrupun bir-biri ilə bağlı olduğu və eyni missiya ilə gəldiyi şübhə doğurmur. Çünki onların hər ikisi eyni avtomobildə – 34-QA-444 nömrəli mikroavtobusla gətirilib. Maraqlısı isə budur ki, avtomobili idarə edən sürücü Ermənistan vətəndaşı Yura Baqdasaryandır. Qeyd edək ki, birinci qrupun qanunsuz səfərindən sonra Azərbaycan XİN İran tərəfinə nota verərək açıqlama tələb etmişdi. Ancaq bu günədək həmin notaya rəsmi cavab verilməyib.