İRAN POLİSİ 10 NƏFƏR ETİRAZÇINI ÖLDÜRÜB
Baxış sayı: 513
İranda Məhsa Əmini adlı gənc qadının əxlaq polisindəki ölümündən sonra başlayan etirazlar davam edir. Ölkənin müxtəlif şəhərlərində hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışır. Verilən bilgiyə görə, Tehran, Urmiya, Təbriz və ölkənin digər iri şəhərlərində əhali küçələrə axışaraq hakimiyyətə qarşı şüarlar səsləndirir. Qadınlar isə baş örtüklərini yandıraraq aksiyalara dəstək verirlər. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılır. İranda davam edən ümumxalq etiraz aksiyalarında polisin açdığı atəş nəticəsində ümumilikdə 10 nəfər öldürülüb. “Report “Iran International”a istinadən xəbər verir ki, bu barədə yerli kürd hüquq müdafiə şəbəkəsi bilgi yayıb. Eyni zamanda, qeyd olunub ki, Güney Azərbaycanın Urmiya şəhərində 1-i yeniyetmə olmaqla 3 nəfər qətlə yetirilib. Hazırda ölkə daxilindəki vəziyyət gərgin olaraq qalır.