İRAN CİDDİ ŞƏKİLDƏ MÜHARİBƏYƏ HAZIRLAŞIR
Baxış sayı: 30
Aylardır İran 2-3 gündən bir irimiqyaslı və intensiv hərbi təlimlər keçirir. Bunun iki məqsədi var: birincisi, İrana hücum etməyin lazım olmadığını xarici dünyaya göstərmək, ikincisi, öz cəmiyyətini arxayınlaşdırmaq.Bu sözləri yerli mediaya geniş müsahibəsində erməni ekspert Sergey Melkonyan deyib.O bildirib ki, İranın ciddi şəkildə müharibəyə hazırlaşması göz qabağındadır: “İrana qarşı zərbənin olub-olmaması yalnız Netanyahunun yəni İsrailin baş nazirinin özünü necə təqdim edəcəyindən asılıdır. Beləliklə, bizim həm eskalasiya, həm də deeskalasiya göstəricilərimiz var”. Əslində erməniləri narahat edən əsas məqam mümkün İran-İsrail müharibəsi zamanı Tehranın İrəvanın maraqlarını müdafiə etməyəcəyi, yaxud buna sadəcə olaraq, imkanının olmayacağıdır. Belə olanda Ermənistan Azərbaycan qarşısında daha da təklənmiş vəziyyətə düşəcək. İran-İsrail müharibəsinin bölgədə Azərbaycanın əlini gücləndirə biləcəyini iranşünas erməni Janna Vardanyan iddia edib. “İran Sünik (Zəngəzur) məsələsində ciddi rol oynasa da, Yaxın Şərqdə vəziyyət pisləşərsə, hər şey Ermənistanın əleyhinə dəyişəcək. Azərbaycan Sünikə müdaxilə edə və bu bölgəni nəzarətə götürə bilər”, - deyə Vardanyan əlavə edib.